Aldatdı məni
İnan ki, qəlbimi açmazdım sənə,
Mənim şeirlərim satdılar məni.
Həmişə naümid döndüm qapından,
Mənim ümidlərim satdılar məni.
Sevib sevilməyi səndən öyrəndim,
Özümə bir həmdəm sanmışdım səni.
Mənsiz sevincini, qəmi bölməzdin,
Xəbərsiz gedişin aldatdı məni.
Dərdim dillənəcək ürək səsində,
Tək buraxmayacaq bu əzab səni.
İnan, bu dünyada tənha qalmazdım,
«Dönəcəm» deyişin aldatdı məni.
Əlvida deyərək ayrıldın məndən,
Sınıq ürəyimdən silmədim səni.
Bilirdim bu yolun dönüşü yoxdu,
Yenə ümidlərim aldatdı məni.
