Poetry collection

Poetry

Poetry collection

A collection of original poems in Azerbaijani — a language of rich cultural tradition, deep melody, and emotional expressiveness. Each piece reflects attention to word, intonation, and meaning.

Poems in Azerbaijani

Excerpts from the book

Aldatdı məni

İnan ki, qəlbimi açmazdım sənə,

Mənim şeirlərim satdılar məni.

Həmişə naümid döndüm qapından,

Mənim ümidlərim satdılar məni.

Sevib sevilməyi səndən öyrəndim,

Özümə bir həmdəm sanmışdım səni.

Mənsiz sevincini, qəmi bölməzdin,

Xəbərsiz gedişin aldatdı məni.

Dərdim dillənəcək ürək səsində,

Tək buraxmayacaq bu əzab səni.

İnan, bu dünyada tənha qalmazdım,

«Dönəcəm» deyişin aldatdı məni.

Əlvida deyərək ayrıldın məndən,

Sınıq ürəyimdən silmədim səni.

Bilirdim bu yolun dönüşü yoxdu,

Yenə ümidlərim aldatdı məni.

Ümidim Allah

İsti arzularım donub qəlbimdə,

Dərmansız bir dərdə düşmüşəm, Allah.

Dərdimdən baş açmır heç bir həkim də,

Ümidim sənədir, sənə, ay Allah.

Uzat əllərini, göstər gücünü,

Qoparma qəlbimdən son ümidimi.

Təkcə sən bilirsən gələn günümü,

Ümidim sənədir, sənə, ay Allah.

Sən böyüksən, sən alisən, ucasan,

Yaradılmış hər bir canın canısan.

Mənə qüvvə verən, sonsuz qüvvəsən,

Ümidim sənədir, sənə, ay Allah.

Ana

Bu dünyada bir anam var,

Bir də böyük Allahım.

Bu dünyada bircə ona çatır,

Ünüm, pənahım!

Körpə qəlbim qurban olsun

Gözlərinə anamın,

Çünki hələ körpəyəm mən,

Gözlərində anamın.

Gülşən

Qəlbimdə dağılmaz bir ev qurmuşdun,

Nə yaman evindən uzaq durmusan.

Səni sevdiyimi sən ki, duymuşdun,

Sən solan güllərə gülşən olmusan.

Sanardım sən varsan, dünya mənimdi,

Sən demə, dünyamı viran qoymusan.

Sənə gülən gözlər daha qalmayıb,

Ağlayan gözlərə gülüş olmusan.

Sanardım baxışın ömrümə yazdı,

Eşqim yollarını qəlbində azdı.

Baxışın qəlbimdə bir qəbir qazdı,

Bu məzar üstündə gülşən olmusan.

Yaşa öz ömrünü istədiyin tək,

Unutma, sən hələ unudulmamısan.

Ölmək istəmirəm qocalanadək,

Bilim ki, o gülşən sən olmamısan.

Bəxt üzüyü

Xoşbəxtliyi şeirlərdə axtardı Moşu,

Nə qədər axtardı, tapa bilmədi.

Şair nəzəriylə baxdı dünyaya,

Söylüdən savayı bir şey görmədi.

Şair xoşbəxtmiydi, onda, görəsən?

Söylünün nazına üz çevirirkən.

Yəqin, xoşbəxtliyi duya bilməmiş,

Altı körpəsinə atalıq edərkən.

Bilmədi Hüseynin dərdini Moşu,

Qafiyə tapmayıb, kağız yırtanda.

Bilmədi Hüseynin yeganə qızı,

Xoşbəxtlik naminə ağac qıranda.

O ağac böyüyüb, boy atacagdı,

Hüseyn əliylə asılacaqdı

Şair Göyəzənli öz qələmiylə,

Bu cür xoşbəxtlikdən şeir yazacaqdı.

Tanrıbəy dayı kimsəsiz, əlil,

Xoşbəxt həyat üçün döyüşə getdi.

Şair Göyəzənli bunu görməyib,

Dəniz kənarında ilhama gəldi.

Moşu xoşbəxtliyi axtaracağdır,

Dəniz kənarında gor qazacaqdır,

Nə qədər yazsa da, fikirləşsə də,

Oxucu gözündə alçalacağdı

Unuda bilmirəm

Dedilər ayrıldın, unudacaqsan,

Nə edim ki, səni unuda bilmirəm.

Dedilər zülümsə qurtaracaqsan,

Nə edim ki, səni unuda bilmirəm.

Sənin sevgin ilə alışmışam mən,

Həsrətinlə yanıb külə dönmürəm.

Səni ayrılığa uduzmuşam mən,

Nə edim ki, səni unuda bilmirəm.

Sənsizlik gözümü ümman edəcək,

Axan göz yaşımı silə bilmirəm.

Uzun bir ömr edib, yaşasam belə,

Nə edim ki, səni unuda bilmirəm.

Qəlbimə dəydin ki, unudum səni,

Daha heç səndə də günah bilmirəm.

Çıxara bilmədim qəlbimdən səni,

Nə edim ki, səni unuda bilmirəm.

Nə qədər dünyada sağam, varamsa,

Sevgini dünyama gülşən bilirəm.

Sən mənim könlümdə, qəlbimdəsənsə,

Nə edim ki, səni unuda bilmirəm.

Dünya

Fəryad etdim, səsim duyan olmadı,

Zaman dərdlərimə dərman olmadı.

Axan göz yaşımı silən olmadı,

Axı niyə belə zalımsan, dünya?

Nə qədər beynimdə suallar yatır,

Bilmirəm cavabı mən kimdən alım.

Gün günə güc gəlir, gün günü satır,

Axı niyə belə zalımsan, dünya?

Bəlkə dərdlərimi dərdlə bölüşüm,

Bəlkə dərdimi mən danışım suya?

Qorxuram çəkilə ya da quruya.

Axı niyə belə zalımsan, dünya?

Gecələr həsrətəm yuxu üzünə,

Deyirəm qəlbimi ovuda röya.

Cavab axtarıram bir tək suala,

Axı niyə belə zalımsan, dünya?

Yordu bu gümanlar, yəqinlər məni,

Haqq deyə hayqırdım, boğdular məni.

Bir bəndə yoxmu ki, soruşa, sora,

Axı niyə belə zalımsan, dünya?

Ata

Çalışdım adına yaraşan olum,

Səni candan sevən bir tək mən olum.

İstədim yolunda gül tək mən solum,

Adınla ucaldım, adınla, ata!

Sənə layiqincə övlad olmağı,

Allahdan dilədim, çalışdım buna.

Borcluyam cismimdə ömür edən canı,

Bütün həyatımı borcluyam sana.

Edəcəm əlimdən gələn hər şeyi,

Təki sən ömür eylə bizimlə, ata!

Siləcəm qəlbindən qəza, gileyi,

Bütün həyatımı borcluyam sana.

Allah səbr eyləyən bəndəsin sevər,

Səbrin möhtəşəmdir, əminəm buna.

Allah duaları tezcə eşidər,

Bütün həyatımı borcluyam sana.

İnsan dara düşdü, dostlar çəkilər,

Nə oğlun, nə qızın çəkilməz, ata!

Sən bizə can verən, bir uca cansan,

Söylə, belə canı yada kim sata?!

Ata eşqi

Üzünü görməyə adət etdiyim,

Gözlərim çöhrəni görməyir axı.

Söylə, tələsdirən nə idi səni,

Mən ata eşqindən doymadım axı.

Sənin söhbətindi məni yaşadan,

Baxıram getdiyin yollara sarı.

Üsyanım, sən yox, taleyimədi,

Mən ata eşqindən doymadım axı.

Xəstəlik vermədi bircə an sənə,

Sən təslim olmağı sevmirdin axı.

Yazığın gəldimi, ailənə, mənə?

Mən ata eşqindən doymadım axı.

Ömrün çiçəklənən bahar çağında,

Bu geniş dünyadan doydunmu barı?

Ürəyim göynəyir, gözüm ağlayır,

Mən ata eşqindən doymadım axı...

Anama qıyma

Razıyam dünyanın hər əzabına,

Təki qəlbimdəki ümidi qırma.

Razıyam fələyin tərs dövranına,

Nə olar ya Rəbbim, anama qıyma!

Onun nəfəsiylə qızınır evim,

Anasız qəribdi bu el, bu oba.

Kimsəsiz dünyada ömür sürərəm,

Nə olar ya Rəbbim, anama qıyma!

Yanağım torpaqdır, gözlərim bulud,

Anamı görməsə leysan, qar yağa.

Anasız hər evdə dərin bir sükut,

Nə olar ya Rəbbim, anama qıyma!

Nə ola analar heç qocalmaya,

Ürkək gözlərini dərd sınamaya.

Tanrı dərgahına edəcəm dua,

Nə olar ya Rəbbim, anama qıyma!

You are reading an excerpt. The full collection is available for purchase.